Azərbaycan İnvestisiya Holdinqində İndoneziya nümayəndə heyəti ilə görüş keçirilib
Azərbaycan İnvestisiya Holdinqində (AİH) İndoneziya Respublikasının İnvestisiya və Emal Sənayesi üzrə nazir müavini Todotua Pasaribunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nümayəndə heyətində İndoneziyanın Azərbaycan Respublikasındakı səfiri Berlian Helmi, İndoneziyanın dövlət investisiya holdinqi “Danantara Indonesia”nın, eləcə də digər investisiya institutlarının nümayəndələri təmsil olunublar.
Görüş zamanı AİH-nin fəaliyyəti, həyata keçirilən təşəbbüslər və beynəlxalq investisiya tərəfdaşlıqlarının inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib.
Tərəflər Azərbaycan və İndoneziya arasında investisiya əməkdaşlığının genişləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə potensial birgə investisiya layihələrinin müəyyənləşdirilməsi və institusional əlaqələrin gücləndirilməsi imkanlarını müzakirə ediblər.
Görüşdə, həmçinin investisiya institutları arasında təcrübə mübadiləsinin və davamlı dialoqun əməkdaşlığın inkişafında əhəmiyyəti vurğulanıb.


