Azərbaycan İnvestisiya Holdinqi və Oman İnvestisiya Təşkilatı “Azər-Türk Bank” ASC-yə potensial investisiya üzrə əməkdaşlığı genişləndirir
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Oman İnvestisiya Təşkilatı (OİT) arasında “Azər-Türk Bank” ASC-yə (ATB) potensial investisiya ilə bağlı əsas şərtləri müəyyən edən hüquqi öhdəlik yaratmayan Şərtlər Toplusu (Term Sheet) imzalanıb.
Şərtlər Toplusuna əsasən, OİT Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondu vasitəsilə ATB-nin kapitalında strateji qeyri-nəzarət payının əldə edilməsi imkanını nəzərdən keçirəcək. Potensial investisiyanın əlavə səhm emissiyası yolu ilə həyata keçirilməsi planlaşdırılır.
Şərtlər Toplusunun imzalanması AİH və OİT arasında investisiya əməkdaşlığında yeni mərhələnin əsasını qoyur və tərəflərin Azərbaycanın maliyyə sektorunda perspektivli strateji imkanları araşdırmağa maraqlı olduğunu bir daha nümayiş etdirir.
Mərasimdə tərəflər bu investisiya təşəbbüsünün Azərbaycan ilə Oman arasında uzunmüddətli investisiya tərəfdaşlığının gücləndirilməsinə, maliyyə sektorunda institusional əlaqələrin genişləndirilməsinə və dayanıqlı iqtisadi dəyərin yaradılmasına mühüm töhfə verəcəyini vurğulayıblar.
