AİH-in Baş icraçı direktoru üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

10 may 2024
News image
News image

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanov Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovun mentiləri, üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Əsəd Qurbanzadə və Fərid İsayevlə görüşüb.

AİH-in Baş icraçı direktoru “Yüksəliş” müsabiqəsinin qaliblərini əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, hazırkı fəaliyyət istiqamətləri ilə maraqlanıb, eləcə də öz təcrübəsi ilə bölüşərək müvafiq tövsiyələr verib. Görüşdə müsabiqə qaliblərini maraqlandıran suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müsabiqə qalibləri səmimi qəbula görə Ruslan Əlixanova təşəkkürünü bildiriblər və onların gələcək inkişafları üçün bu cür görüşlərin əhəmiyyətini vurğulayıblar.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.